Mustafa Dənizlinin istefasından sonra baş məşqçi axtarışlarını davam etdirən “Qalatasaray”da ilk namizəd məlum olub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “cim-bom”u bu komandanın əfsanəvi futbolçusu Bülənt Korkmaz çalışdıra bilər.
İstanbul klubu onu mövsümün sonuna qədər komandanın “sükanı arxası”na gətirmək niyyətindədi. Bülənt Ündərdən “yox” cavabı alan, Okan Buruku isə klubda görmək istəməyən rəhbərlik “böyük kapitan”dan fədakarlıq etməyi istəyəcək.
“Qalatasaray”ın uğurları üçün daim gözüyumulu canını ortaya qoyan Korkmazla klub prezidenti Dursun Özbək bu günlərdə görüşməyi planlaşdırır. Tərəflər razılığa gələ bilsələr, “sarı-qırmızılılar”ı Superliqanın növbəti turu çərçivəsində martın 20-də “Fənərbaxça” derbisinə məhz Korkmaz çıxaracaq.
Son çempion gənc mütəxəssisi hələlik mövsümün sonuna qədər baş məşqçi postuna gətirməyi düşünür. Sabiq “Bakı”lı ümidləri doğruldarsa, onunla yeni müqavilə imzalanması da istisna deyil.
Qeyd edək ki, futbolçu karyerası yalnız “Qalatasaray”la bağlı olan Bülənt Korkmaz 2007-ci ildən məşqçiliyə başlayıb. 2009/10 mövsümündə “Bakı”nı çalışdırmış “böyük kapitan” ölkəmizə gəlməzdən əvvəl qısa müddət “Qalatasaray”ın da “sükanı arxası”nda olub.