Ərzaqlar:
Mal əti – 300 qr.
Kartof – 3 ədəd
Çuğundur – 2 ədəd
Kiçik baş soğan - 2 ədəd
Nar -1 ədəd
Mayonez – 200 qr.
Üzüm sirkəsi – 2 x.q.
Şəkər tozu – 1 x.q.
Duz – zövqə görə
Su - 20 ml.
Hazırlanması:
Bu salata qatılacaq soğanın acısının çıxarılıb, marinadlaşdırılması çox vacibdir. Bunun üçün soğan yarı halqavari nazik doğranılır, kasaya yığılıb, üzərinə duz, şəkər tozu, sirkə tökülüb, qaynar su əlavə olunur. Bir kənarda su tam soyuyana kimi saxlanılır.
Çuğundur, kartof və ət tikələri suda qaynadılır. Soyudulur. Ət nazik uzunsov doğranılır. Kartof kub formasında doğranılır. Çuğundur isə iri gözlü sürtgəcdən keçirilir. Nar dənələnir.
İndi salat laylarını yığmağa başlayırıq:
Birinci lay - ət, duz səpilir, üzərinə mayonez;
İkinci lay – marinada qoyulmuş soğan sudan çıxarılıb, bərk sıxılır, acısı çıxır və ətin üzərinə yayılır və mayonez çəkilir;
Üçüncü lay - kartof, azca duz və yenə mayonez;
Dördüncü lay – çuğundur və yenə mayonez;
Üzərinə nar dənələri yığılır və mayonez çəkilmir.
Soyuducuda bir qədər saxladıqdan sonra süfrəyə verilir. Nuş olsun!
Mənbə: Sufrem.az